Çində içərisində 452 nəfər olan gəmi batdı
Çində Yantszı çayında 452 nəfərlik sərnişini olan səyahət gəmisi tufanda devrilib. APA TV-nin xəbərinə görə, hadisə Çinin cənubunda yerləşən Hyubei əyalətində baş verib.
Xilasedicilər gəmidə olan 5 nəfərlə əlaqə saxlaya biliblər. Son məlumata görə, sərnişinlərdən 85 yaşlı qadın xilas edilib. O, dərhal xəstəxanaya çatdırılıb. Qeyri-rəsmi məlumata görə, 20 nəfərin xilas edildiyi bildirilir. Bir neçə nəfər isə balıqçıların köməyi ilə xilas ola bilib. Yerli mətbuatın verdiyi məlumata görə, gəmi batmazdan əvvəl SOS siqnalı göndərməyib. Xilasedicilər isə yalnız sərnişinlərin yardım səslərini eşidərək hadisədən xəbər tutublar.
Gəmidə olan sərnişinlərin qohumları Nankin limanına üz tutaraq, onlar barədə məlumat almağa çalışırlar. Sitat: "Dövlət bizi hadisə baş verən Xubey ərazisinə aparmalıdır. Nəyə görə turizm şirkətinin əməkdaşları bizdən qaçırlar? Yaxınlarımızın taleyi barədə heç bir məlumatımız yoxdur" - deyə bir qadın danışıb.
Polis artıq xilas olunmuş gəmi kapitanı və mexanikinin həbs edildiyi barədə məlumat yayıb. Onlar bildiriblər ki, gəminin aşmasına səbəb dənizdə güclü fırtınanın yaranması olub.
Qeyd edək ki, gəmidə 405 sərnişin və 47 ekipaj üzvü olub. Sərnişinlərin əksəriyyəti turistlər olub. Çayda suyun dərinliyi 15 metr olduğundan, xilasetmə çətinliklə həyata keçirilir.