Səlim Müslümov: "Avropa Oyunlarına bilet almışam..."

Baş nazirinin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Paralimpiya İdman Kompleksində idmançıların məşqini izləyiblər.

 

APA TV-nin xəbərinə görə, qonaqlar kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər.

 

Burada müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu var. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şərait mövcuddur. Hazırda “Bakı 2015” Avropa Oyunlarına hazırlaşan paralimpiyaçılar Bakıda keçiriləcək İlk Avropa Oyunlarında uğurla iştirak edəcəklərini deyiblər.

 

Dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva Avropa Oyunlarının əhəmiyyətindən söz açıb: "Bu yarışın əhəmiyyəti hər bir idmançı kimi bizə də məlumdur. Məşqlərimiz güclü və ciddi rejimlə gedir. İnanırıq ki, bu məşqlər sayəsində 2015 Avropa Oyunlarının qalibi iki paraolimpiyaçı - İlham Zəkiyev və Səbinə Abdullayeva olacaq".

 

Əli Əhmədov və Səlim Müslümov da oyunlara hazırlıqları yaxından izlədiklərini və tamaşaçı qismində bilet aldıqlarını bildiriblər.

 

Əli Əhmədov: "Bilet almışam, bir çox idman oyunları var ki, onlara maraq göstərirəm. O idman yarışlarına ki, biz baxacağıq, Azərbaycanın həmin sahədə uğurları olsun".

 

Səlim Müslümov: "Hamımız bilet almışıq. Mən daha çox paraolimpiyaçıların cüdo yarışlarının iştirakçılarının qalib olmasını istəyirəm. Eyni zamanda maraqlı olan yarışlar çoxdur. Mən idmanın bütün növləri ilə maraqlanıram. Güləş, bədii gimnastika, taekvondo, boks yarışlarında idmançılarımızın yüksək nailiyyətlər əldə edəcəyinə inanıram və hamımız orada olacağıq".

 

Qonaqlar daha sonra nazirliyin Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar. Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər.

 

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib. Hazırda isə 140 nəfərə yaxın müvafiq kateqoriyadan olan gənc burada peşə təlimindədir. Mərkəzdə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələr üzrə təcrübəli müəllimlər tərəfindən təlim keçilir. Müxtəlif bölgələrindən mərkəzə peşə təliminə cəlb olunanlar burada dövlət hesabına bütün müvafiq xidmətlərlə də təmin olunurlar.

 

Daha sonra qonaqlar nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə baş çəkiblər. S.Müslümov bildirib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Onun sözlərinə görə, ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib.

 

YAP tərəfindən mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tədbirlərə aparılıb-gətirilməsi, ekskursiya və gəzintiləri üçün avtobus hədiyyə edilib.

Müəllif | Apa.Tv
Apa.tv