Azərbaycan prezidenti və xanımı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olublar

Bu gün Bakıda Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı başlayıb.

 

APA TV-nin məlumatına görə, tədbirin rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

 

Tədbirin rəsmi açılış mərasimində “İTE Group Pic” şirkətinin baş məsləhətçisi Ser Endryu Vud salamlama nitqini söyləyib.

 

Böyük Britaniyanın baş naziri Devid Kemeronun 2-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasiminə ünvanladığı salamlama məktubunu London şəhərinin meri Alan Yarrou oxuyub.

 

Məktubunda Cənub Qaz Dəhlizinin önəmini vurğulayan D. Kemeron TANAP kəmərinin açılışında iştirak etmək istədiyini söyləyib.

 

Mərasimdə Polşa baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber çıxış edib.

 

Daha sonra çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir: “Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə I Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riskli ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.

 

Dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də strateji layihədir: “Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq, neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də, bu il 5% iqtisadi artım əldə etmişik”.

 

Dövlət başçısı bildirib ki, enerji marşrutlarının şaxələndirilməsinin böyük önəmi var: “Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı anlayır və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təşkil olunsun”.

 

Prezident İlham Əliyev deyib ki, Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: “Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dividentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin olunacaq”.

 

Dövlət başçısı Azərbaycanda islahatların davam etdiyini söyləyib: “Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - iki ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir”.

 

Artıq Cənub Qaz Dəhlizinin icrasına başlanıldığını deyən Azərbaycan Prezidenti  ölkəmizn bu sahədə də öz liderlik mövqeyini bir daha göstərdiyini qeyd edib.

 

Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib: “Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, "Şahdəniz" qazı Türkiyə və Gürcüstana ixrac ediləcək. TAP layihəsinin icrasında da problem yaşanacağına inanmıram. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”.

 

Qeyd edək ki, dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir. Sərgi çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi də keçirilir. Sərgi və konfransın təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv