I Avropa Oyunlarında iştirak edəcək Almaniya və İrlandiya idmançıları Bakıya gəliblər
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya və İrlandiyanın idmançıları, İsrailin isə nümayəndə heyəti Azərbaycana gəliblər. APA TV-nin məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı - 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla "Atletlər kəndi"nə yola salınıblar. Qeyd edək ki, hava limanından idmançıları aparan avtobusları yol patrul xidməti maşınları müşayiət edib.
Bu gecə “Bakı-2015” I Avropa Oyunlarını işıqlandırmağa gələn jurnalistlərin bir qismi də Azərbaycana gəlib. Onlar da eyni qaydada "Media kəndi"nə yola salınıblar.
Nəzərinizə çatdıraq ki, yarışlara kimi "Bakı - 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava Limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.