"Times": İran Bəşər Əsəd üçün muzdlu döyüşçülər toplayır

Suriya prezidenti Bəşər Əsəd İŞİD terrorçularına qarşı döyüşlərdə yeni vasitəyə əl atıb.

 

APA TV-nin "Times" qəzetinə istinadən xəbərinə görə, Əfqanıstan və Pakistandan olan döyüşçülər pul qarşılığında Əsədin tərəfində döyüşür.

 

Qəzetdə qeyd olunur ki, muzdlu döyüşçülərin toplanmasına İranın Əfqanıstandakı səfirliyi təşkilatçılıq edir: "Səfirlik hər ay Suriyada müharibəyə qoşulmaq üçün yüzlərlə şiə üçün viza alır. Pakistanda da internet üzərindən pullu əsgərlər toplanır. Döyüşçülərə 3 min dollara qədər ödəniş təklif olunur".

 

"Times" Əfqanıstanda muzdlu döyüşçülərin əsasını təşkil edən şiə xəzərlərin uzun müddətdir ölkədə basqı altında yaşadıqlarını və onların döyüşlərə qatılmasının əsas səbəbinin işsizlik olduğunu vurğulayır.

 

Digər tərəfdən, İranda 2 milyon əfqanıstanlı qaçqın yaşayır. Bu insanlardan da bəzilərinin ölkədən kənarlaşdırılmaqla təhdid olunub Suriyaya göndərildiyi güman olunur.

 

Suriyalı müxalif komandirlər də son günlər öldürülən və ələ keçirilən əfqan və pakistanlıların artdığını qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv