Poroşenko Saakaşvilinin təhlükəsizliyini gücləndirdi
Ukraynanın dövlət başçısının sərəncamı ilə Odessa qubernatoru təyin olunan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təhlükəsizlik xidməti gücləndirilib.
APA TV-nin "İNTERFAX"a istinadən verdiyi məlumata görə, Saakaşvilini ölkənin xüsusi təyinatlıları qoruyacaq.
Yeni qubernator faktı Gürcüstanın "Rustavi-2" telekanalına təsdiqləyib və bu barədə Pyotr Poroşenkonun göstəriş verdiyini deyib. "Məni Odessada xüsusi təyinatlıların dəstələri qoruyur, Kiyevdə təhlükəsizliyim bu qədər ciddi nəzarətdə deyildi" - deyə Saakaşvili əlavə edib. O, bildirib ki, bu fakt odessalılarla qubernator arasında yaradılan sədd kimi dəyərləndirilməməlidir: "Mən insanlarla istənilən yerdə görüşəcəyəm, sakinlər mənim daim onların arasında olduğumu hər zaman hiss edəcəklər. Mənimlə odessalılar arasında məsafə olmayacaq. Prezidentin bu qərarı, sadəcə, mənim daha təhlükəsiz fəaliyyət göstərməyim üçündür. Şəxsən mən bunu ondan tələb etməmişəm".
Xatırladaq ki, Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili Odessa qubernatoru təyin edilməmişdən əvvəl, Ukrayna prezidentinin müşaviri vəzifəsində çalışıb.