Məşhur Hollivud aktyoru Suriyada İŞİD-ə qarşı döyüşür

İŞİD Suriyanın şimal-şərqində Əsəd hökuməti ilə mübarizə aparan müxalifət qüvvələrinə qarşı hücuma keçib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Suriya ordusu hazırda həmin ərazidə yerləşən Haseke şəhərini və eyni adlı əyaləti nəzarətdə saxlayır.

 

Bununla yanaşı, adı çəkilən bölgənin ələ keçirilməsi uğrunda kürd silahlıları ilə İŞİD qruplaşması arasında qanlı döyüşlər gedir. Bu arada koalisiya birliklərinin terrorçuların mövqelərinə endirdiyi hava zərbələri effektsiz qalıb. Bu zərbələrin bir nəticə vermədiyini terrorçuların fəal olduğu İraqın baş naziri də Parisdə keçirilən konfransda dilə gətirib.

 

Bu arada Suriyaya gələnlərin yalnız İŞİD tərəfindən döyüşmək istəyənlərdən ibarət olmadığı məlum olub. Hollivudun məşhur britaniyalı aktyoru Maykl Enrayt İŞİD-ə qarşı döyüşən kürd milisinin - peşmərgələrin sıralarına yazılıb. 51 yaşlı aktyor Hollivud istehsalı olan "Karib dənizinin quldurları - ölünün sandığı" filmindən tamaşaçılara yaxşı tanışdır.

Müəllif | Apa.Tv
Apa.tv