MTN Akademiyasında məzun buraxılışına həsr olunmuş mərasim keçirilib
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
MTN-in İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin xatirəsi anılıb və abidəsi önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.
General-polkovnik Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Nazir bildirib ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Onun sözlərinə görə, MTN-in Heydər Əliyev adına Akademiyası indi təlim-tədrisin və xidmət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Xüsusilə son 10 ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Akademiya böyük inkişaf yolu keçib.
Eldar Mahmudov bildirib ki, əldə olunan nəticələrdə prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademiyasına göstərdiyi qayğı və diqqətinin böyük rolu var: “Milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”.
Nazir Eldar Mahmudov bir neçə gündən sonra idman tarixində birinci dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə baş tutması üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edib.
Eldar Mahmudov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib.
Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb.
Akademiyanın məzunları leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək, Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra nazir, general-polkovnik Eldar Mahmudov və general-leytenant Ziya Yusifzadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Sonda Eldar Mahmudov məzunların valideynləri ilə görüşüb.