Azərbaycan Kubokunu "Qarabağ" qazandı: "Neftçi" məşqçilər korpusunu qovdu

Futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib. APA TV-nin məlumatına görə, mövsümün son qarşılaşması Qəbələdə baş tutub.

 

İndiyədək 13 dəfə sahibini tapan kubok uğrunda Bu il ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparıb.

 

Oyuna çox sürətli başlayan "Qarabağ" 5-ci dəqiqədə Reynaldonun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı açıb. Hissənin sonlarına yaxın ağdamlılar daha bir qol vuraraq, fasiləyə iki top üstünlüklə yollanıblar. Bu dəfə də qolun müəllifi Reynaldo olub.

 

İkinci hissədə "Neftçi" təzyiqi bir qədər artırıb. Paytaxt klubu oyuna sonradan daxil olan Ernest Nforun 77-ci dəqiqədə vurduğu qolla aradakı fərqi azalda bilib.

 

Ancaq "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem "Neftçi"nin hesabı bərabərləşdirmək ümidlərinin ütündən xətt çəkib. O, "Neftçi"nin qolundan 5 dəqiqə sonra fərqi yenidən iki topa çatdırıb - 3:1. Matç elə bu hesabla da sona çatıb.

 

Beləliklə, 22 il aradan sonra "Qarabağ" yenidən "qızıl dubl"a imza atıb. Bu qarşılaşma ağdamlılar üçün həm də 19 il öncə baş tutmuş final oyununun revanşı kimi yadda qalıb.

 

Kubokun final oyunundan dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri - Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.

 

Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi” futbol komandasının baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.

 

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib. Qeyd edək ki, Samir Əliyev bu mövsüm “Neftçi” PFK-nın əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv