Avropa Oyunlarının məşəli Xaçmazda
Birinci Avropa Oyunlarının məşəli Xaçmaz rayonuna gətirilib.
APA TV-nin şimal bürosunun məlumatına görə, yarışın simvolu şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında qarşılanıb.
Məşəli fəal gənc Mübariz Həsənov qəbul edib. Onun ardınca 12 nəfər növbə ilə rəmzi bir-birinə ötürərək, prospekt boyunca 4100 m məsafəni qət etməklə Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq, çırağı alovlandırıb.
Sonra isə Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Tədbir zamanı Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş olunub.
Məşəl Xaçmazdan Şabrana yola düşəcək. Bu gün Şabranda estafet və qarşılanma mərasimi təşkil olunacaq.