Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinin ilk qrupu Bakıya gəlib

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib.

 

APA TV-nin məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

 

Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru, ölkəsinin I Avropa Oyunlarındakı missiya rəhbərinin müavini Marku Alveş hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Portuqaliya yarışlara böyük idmançı qrupu ilə qatılacaq: "Oyunlarda Portuqaliyadan 100 idmançı iştirak edəcək. Biz ölkəmizin ən yaxşı idmançılarını I Avropa Oyunlarına gətiririk. İdmanda medalların sayını qabaqcadan demək risklidir. Amma ölkəmizə bir neçə medalla qayıtmağa çalışacağıq".

 

Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

 

Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları işıqlandıracaq jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Beynəlxalq Hava Limanında  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıb.

 

Yarışlara kimi “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.

 

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.

Müəllif | Apa.Tv
Apa.tv