"Qalatasaray" Türkiyə Kubokunu qazandı

Türkiyə Kuboku cari mövsümün çempionu "Qalatasaray"ın muzeyinə gedib. Finalda Burak Yılmazın qolları ilə "Bursaspor"u 3:2 hesabı ilə məğlub edən "Qalatasaray" 16-cı dəfə ölkə kubokunun sahibi oldu.

 

Oyunda hesabı meydan sahibləri açıblar. Sağ qanaddan başlayan hücumda Volkan Şən "Qalatasaray"ın cərimə meydançasında yerə yıxılıb və hakim Bülənd Yıldırım penalti nöqtəsini göstərib. "Bursaspor"un braziliyalı futbolçusu Fernandao penaltini dəqiq yerinə yetirib - 1:0.

 

Hesabı bərabərləşdirmək üçün rəqib qapısına təzyiqləri artıran "Qalatasaray" axtardığı qolu 40-cı dəqiqədə tapıb. Bərabərlik qolunu Burak Yılmaz vurub.

 

Birinci hissə 1:1 hesabı ilə bitib. İkinci hissə başlayandan dərhal sonra "Qalatasaray" hesabda irəli çıxıb. Bu dəfə də Burak Yılmaz fərqlənib.

 

Qapısından qol buraxdıqdan sonra "Bursaspor" hesabı bərabərləşdirmək üçün səyləri artırıb. Bursa klubu çox keçmədən istəyinə çatıb. Volkan Şən komandasının bərabərlik qolunu vurub.

 

Amma "Bursaspor"un sevinci uzun çəkməyib. Qoldan sonrakı ilk hücumda Burak Yılmaz özünün və komandasının üçüncü qolunu vurub.

 

Qarşılaşmanın qalan dəqiqələri qarşılıqlı hücumlarla keçsə də, komandalardan heç biri fərqlənə bilməyib. Beləliklə, "Bursaspor"u 3:2 hesabı ilə məğlub edən "Qalatasaray" "qızıl dubl"a imza atıb.

Müəllif | Apa.Tv
Apa.tv