Beynəlxalq Enerji Agentliyi: OPEK-in bazardakı payı dəyişməlidir
OPEK-ə üzv ölkələrin bazar rəqabətində digər neft ölkələri ilə mübarizəsi davam edir.
APA TV-nin məlumatına görə, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Mariya van der Huven bildirib ki, Rusiya da daxil olmaqla bu mübarizədə qalib çıxan neft hasilatından effektli şəkildə istifadə edən tərəf olacaq. "OPEK-in ən böyük məqsədi bazarda öz payının toxunulmazlığını qorumaqdır. Bunu başa düşmək olar. Amma biz anlamalıyıq ki, bazardakı pay həmişəlik ola bilməz, o dəyişməlidir. Rəqabət olacaq" - deyə, o vurğulayıb.
Onun sözlərinə görə, yalnız kartel ölkələri yox, ABŞ və Rusiya da öz paylarını itirmək niyyətində deyil: "Braziliya və Kanada da eyni fikirdədirlər. Bu faktlar mübarizəni qaçılmaz edir. Burda isə bəzi məqamlar vacibdir: neft effektli şəkildə hasil olunacaqsa, bu, onun nəql olunmasını və çatdırılmasını da asanlaşdıracaq".
Xatırladaq ki, ötən il dünya bazarında "qara qızıl"ın qiyməti ən aşağı səviyyəyə - 45 dollara düşüb. Bu fakt OPEK-i neftin ixracını gündəlik 30 milyon barel həcmində saxlamağa məcbur edib.
Yalnız bu ilin yanvarında qiymət 65 dollara qədər yüksəlib. Bu arada OPEK-ə üzv olan ölkələrin neft nazirləri vəziyyəti stabilləşdirmək üçün sabah Vyanada yenidən bir araya gələcəklər.