Saymon Kleq: “Mingəçevirdəki şərait Bakıda olan şəraitdən heç də geri qalmır”
“Çox şadam ki, Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıq işləri başa çatmaq üzrədir. Mən bu gün “Kür” Olimpiya Tədris İdman Mərkəzi, eləcə də yarışların keçiriləcəyi ərazi, idmançıların və qonaqların yerləşəcəyi obyektlərdə hazırlıq işlərinin gedişi ilə tanış oldum. Mövcud şəraiti yüksək qiymətləndirirəm. Bütün işlər lazımi səviyyədə həyata keçirilib”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu sözləri bu gün Mingəçevirə səfər edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq jurnalistlərə müsahibəsində deyib.
O, avropalı idmançıların və qonaqların onlar üçün yaradılan şəraitdən razı qalacağına əmin olduğunu deyib: “Mingəçevirdə yarış iştirakçıları üçün yaradılan şərait paytaxt Bakıda olan şəraitdən heç də geri qalmır. Avarçəkmə yarışlarında 37 ölkədən 295 idmançı iştirak edəcək. Qitənin məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya oyunlarının mükafatçısıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu da imkan verir ki, tamaşaçılar tanınmış idmançıların mükafatlar uğrunda mübarizəsini yaxından seyr edə bilsinlər. Yarışları izləmək üçün ərazidə ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Birinci Avropa Oyunları insanların böyük marağına səbəb olacaq. Ümumiyyətlə, Mingəçevirdə yarışlarla bağlı görülən işlərdən çox razıyam. Bu gün səhər Kür çayında suyun təmizliyini test etdik, hovuzlara, qayıqların saxlanılması yerlərinə baxış keçirdik. Yarış ərazisinin və atletlər kəndinin təmizliyi çox yaxşıdır”.
S.Kleq Mingəçevirdə avarçəkmə yarışlarının 50 illik tarixə malik olduğunu qeyd edib. O, burada yarışların keçirilməsi üçün yaxşı ənənə və münbit şəraitin olduğunu vurğulayıb: “Ümid edirəm ki, Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla iştirak edərək qızıl medal qazanacaqlar. Mingəçevirdəki avarçəkmə yarışları Bakı-2015 Avropa Oyunlarının bir hissəsidir. Bu yarışları dünyada 1 milyarddan artıq insan televiziya vasitəsilə birbaşa izləyə biləcək. Bu bir fürsətdir ki, Mingəçevir şəhəri idman mərkəzi kimi bütün dünyaya təqdim olunacaq. Bu yarışların gələcəkdə Mingəçevirə və yerli sakinlərə çox yaxşı təsiri olacaq. Oyunlar üçün biletlərin satış prosesi yüksək səviyyədə davam edir. Ümid edirəm ki, biletlərin satışı qısa vaxtda başa çatacaq. Birinci Avropa Oyunlarının çox möhtəşəm və inanılmaz şəkildə keçəcəyinə əminəm”.