Təhsil naziri: "Azərbaycanda orta məktəb şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq"
“Növbəti 5 ildə Azərbaycanda orta məktəb şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq”. APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, bu, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir.
Onun sözlərinə görə, hazırda məktəblərin 1-ci siniflərə qəbul prosesi davam edir. Yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir. Ötən tədris ilində 6 yaşı tamam olmuş xeyli sayda uşağın 1-ci sinfə qəbul olunmadığını xatırladan M.Cabbarov yaşı 6-dan çox olan uşaqların təhsilə cəlb edilməsinin yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olduğuna da əminliyini bildirib: "Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyir. Burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox ölkədə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur".
Nazir qeyd edib ki, bu ildən Azərbaycanda ilk dəfə olaraq iki ümumtəhsil orta məktəbdə inklüziv təhsilin tətbiqinə başlanacaq. Bütün uşaqlar eyni siniflərdə tədris alacaq. Onun sözlərinə görə, burada hansısa xüsusi sinfin - xüsusi qayğıya ehtiyacı olan ayrıca sinfin yaradılmasından söhbət getmir. İnklüziv təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil. Bu, həm də valideynlərin qərarlarından asılı olan bir məsələdir.
Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycanda internat tipli təhsil müəssisələrinin ləğvi prosesi davam etdiriləcək. İnternat məktəblərinin ümumi təhsil məktəblərinə, həmçinin peşə təhsil məktəblərinə çevrilməsi ilə onların sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən təhsilin keyfiyyət və əhatəsinə görə səviyyənin yüksəldilməsi nəzərdə tutulur. Nazirin sözlərinə görə, internat məktəblərinin ləğv olunması prosesi de-institutlaşdırma proqramı çərçivəsində nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Bakıda “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisinin açılış mərasimi keçirilib. Sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işi nümayiş olunub.