Allahşükür Paşazadə: “Orucluq ayında iftardan əvvəl verilən ehsan haramdır”
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib.
APA-nın məlumatına görə, Ramazan ayının gəlişi münasibətilə QMİ-də keçirilən tədbirdə Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb: "Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kənddə QMİ-nin fətvasına tabe olmayan məscidlər var. Onlar özləri üçün imam təyin ediblər. Onlar QMİ-ni saymırlar, deyirlər ki, biz tabeyik adını çəkmək istəmədiyim başqa yerlərə. Bizim respublikada yaşa, işığın verilir, evin verilir, suyun verilir, sonra da de başqa yerə tabeyəm".
Tədbirdə Şamaxının və Qobustanın bir kəndində də yerləşən məscidlərdəki dini icmaların qanunsuz fəaliyyət göstərdikləri, qeydiyyatdan keçmədikləri və QMİ ilə heç bir əməkdaşlıq etmədikləri məlum olub.
Şeyxülislam Hacı Allahşükür Paşazadə yas mərasimləri və iftar ehsanları ilə bağlı din xadimlərinə xəbərdarlıq edərək bildirib ki, Orucluq ayı zamanı iftardan əvvəl verilən ehsanlar haramdır. Bu kimi ehsanların verildiyi məclislərdə iştirak edən, bu kimi ehsanlara fatihə verən mollalar da Allaha qarşı çıxmış, qiyam etmiş olur: “Bu, şəriətə görə böyük günahdır. Buna əməl etməyən dindarlar cəzalandırılacaq. Mən burdan söz verirəm. Əgər həmin şəxslər Orucluq ayı zamanı elə məclislərdə iştirak edəcəksə, elə ehsanların verilməsində fatihə oxuyacaqsa, biz onunla daha əməkdaşlıq etməyəcəyik".
Şeyxülislam bəzi dindarlar arasındakı məzhəb ayrı-seçkiliyindən narahat olduğunu bildirib, bunun tezliklə aradan qaldırılmasını tələb edib. O deyib ki, adını çəkmək istəmədiyi bəzi telekanallar QMİ və Şamaxı Rəsədxanasının birgə tərtib etdiyi rəsmi təqvimə uyğun olmayan azan vaxtı təqdim edir, insanlar arasında çaşqınlıq yaradır: “Dövlətimizin bunun qarşısını almasını istəmişik. Dini Qurumlarla Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının burada olmasından istifadə edərək dindarlar adından dövlətin təmsilçisi kimi ona müraciət edirik ki, o kanalların bu fəaliyyətinə qadağa qoyulsun, heç olmasa bir telekanalda bizim tərtib etdiyimiz təqvimə uyğun azan vaxtının verilməsinə şərait yaradılsın".
Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.