Böyük Britaniya parlamentində “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı qəbul keçirilib

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında qəbul keçirilib.

 

APA TV-nin "AzərTAC"a istinadən xəbərinə görə, tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak ediblər.

 

Britaniya parlamentinin üzvü Lord Addinqton beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton Birinci Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan TEAS-ın sədri Tale Heydərov deyib ki, “Bakı-2015”in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündür. Gənc ölkə olmasına baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. “İnanıram ki, “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək və ölkəmiz bundan sonra da beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcək” - deyə Tale Heydərov bildirib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, “Bakı-2015” Birinci Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib.  Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini deyib.

 

Britaniya parlamentinin üzvü Bob Bləkmən “Bakı-2015” Birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv