Bakı-2015: İspaniya, Böyük Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Bakıda...
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən İspaniya, Böyük Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri və jurnalistləri Azərbaycana gəliblər.
APA TV-nin məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistləri də olublar. 4 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Reportyor Oliver Hell Azərbaycana birinci dəfədir gəlir: "News team" agentliyinin reportyoruyam. Mənim kimi Bakı-2015 Avropa Oyunlarını işıqlandırmağa gələn onlarla jurnalist var. Azərbaycan haqqında yalnız internetdən məlumat toplamışam. Fikrim var ki, orda oxuduğum məkanları gəzərək, Azərbaycan haqqında daha ətraflı öyrənim".
Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.