Avropa Oyunlarının məşəli Şabranda

Birinci Avropa Oyunlarının məşəli Şabran rayonuna gətirilib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun girişində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəl əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul edilib. Məşəl qəbul edildikdən sonra yürüşə start verilib və 10 nəfər idmançı 2,4 kilometr məsafədə məşəl yürüşünü davam etdirib.

 

Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca yürüşə başlayıb. Sonuncu məşəldar, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.

 

Sonra isə şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib. Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olunub.

 

Bununla da Şabran Birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi olub.

 

Müəllif | Apa.Tv
Vəli Turan