Münhendə "G7" sammitinə qarşı 30 minlik aksiya

Almaniyanın Münhen şəhərində təxminən 30 min insan küçələrə axışıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, aksiya ölkədə keçiriləcək "G7"nin sammitinə etiraz xarakteri daşıyır.

 

Aksiyada məqsəd "Transatlantik əməkdaşlıqla bağlı razılaşmaya və Avropa İttifaqı ilə ABŞ arasında investisiya razılaşmalarına "yox" demək və yoxsulluq həddinin azaldılması üçün mübarizəyə dəstək verməkdir.


"Mən Qərbin dünyanı ədalətsiz şəkildə idarə etmək istəyinə etiraz edirəm, buna görə də aksiyaya qoşulmuşam. Bəziləri istəyir ki, dünyada yalnız bəzi ölkələrdə hər şey yaxşı olsun. Halbuki planetimizin insanlarının - harada yaşamağından asılı olmayaraq, hamının buna haqqı var, dünyanın bütün nemətlərini hamı eyni qaydada bölüşməlidir" - deyə nümayişə qoşulan bir qadın bildirib.


Xatırladaq ki, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderləri Bavariya əyalətində yerləşən Qarmeş-Partinkirxen yaxınlığındakı Elmau qəsrində bir araya gələcəklər. Bu arada zirvə toplantısına etiraz edən 300 nəfərlik bir qrup qəsrə doğru irəliləyir. Yerli fermerlərdən biri öz sahəsində onlara təxminən 1000 nəfərlik sığınacaq ayırıb. Bu barədə Almaniya məhkəməsinə məlumat verilib. Məhkəmənin birinci instansiyası yerli qanunlara zidd olaraq, düşərgənin dağıdılması ilə bağlı qərar çıxarıb. Bundan əlavə, sammit iştirakçılarının təhlükəsizliyi üçün 19 min polis ayrılıb.

Müəllif | Apa.Tv
Apa.tv