Bakıda iki körpəsini öldürən qadının əri həbs olundu - TƏFƏRRÜAT

Bakıda qan dondurucu qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Sabunçu rayonunun Albalılıq yaşayış massivində ana iki körpəsini amansızlıqla qətlə yetirdikdən sonra intihara cəhd edib.

 

Hadisə yerinə gələn Sabunçu rayon Polis İdarəsinin əməkdaşları müəyyən ediblər ki, hadisəni 27 yaşlı Nəsibə Qurbanova törədib. O, dörd yaşlı və 10 aylıq körpələrinin boğazlarını kəsdikdən sonra damarlarını doğrayıb və özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaşadıqları evdən Ayan və Ayşən adlı qız uşaqlarının meyitləri aşkarlanıb, yaralı ana isə xəstəxanaya çatdırılıb.

 

Olay yerindən qadının yazdığı məktub da tapılıb. Məktubda Nəsibə Qurbanova bildirir ki, artıq belə yaşaya bilmir və uşaqlarını da heç kəsə etibar edə bilməz.

 

Hadisə barədə polisə məlumat verən şəxsin isə qadının qaynı olduğu bildirilir. Onun dediyinə görə, qardaşı gecə növbəsində işlədiyindən, həyat yoldaşı onu qısqandığını bir neçə dəfə dilə gətirib. Qadın ərinin ona başqa qadınla xəyanət etdiyini ehtimal edib. Qadının uşaqlarının boğazını kəsməzdən əvvəl onlara sirkə turşusu içirtdiyi də məlum olub. Onların ölmədiyini görən ana bıçağa əl atıb.

 

Sabunçu Rayon Prokurorluğundan APA TV-yə daxil olan məlumata görə, qadının əri Asif Qurbanov barəsində 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və o, istintaqa cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv