Avropa Oyunlarına görə Bakı yollarında sürət həddi azaldıldı
Bakıda keçiriləcək l Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata endirilib.
Əlavə edək ki, sabah Bakının əsas küçə və prospektləri nəqliyyatın hərəkəti üçün bağlı olacaq. İyunun 12-də başlanacaq Bakı 2015 I Avropa Oyunları sınaq tədbiri ilə əlaqədar Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi də həmin müddətdə ümumi nəqliyyatın hərəkəti üçün bağlanacaq.