Türkiyədə seçki mitinqində partlayış: 2 ölü, 100-dən çox yaralı

Türkiyənin Diyarbəkir şəhərində Xalqların Demokratik Partiyasının (HDP) seçki mitinqində partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

 

Mitinqin keçirildiyi meydanın yaxınlığında dalbadal iki partlayış olub. İlk partlayış tribunanın təxminən 60 metrliyindəki zibil qutusunda baş verib. Bundan təxminən 5 dəqiqə sonra isə mitinq iştirakçıları ilə dolu olan meydanın yaxınlığındakı transformatorda növbəti güclü partlayış olub. Yaralılar tribunanın yanına daşınıb, oradan isə təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

 

Məlumata görə, partlayışlar HDP həmsədri Səlahəddin Dəmirtaş tribunaya çıxış etməyə qalxmaq üçün maşınında gözləyərkən baş verib.

 

Hadisədən sonra meydandan çıxan bir qrup aksiya iştirakçısı şəhərin mərkəzinə doğru yürüş keçirib. Qrupun dövlət binalarına yaxınlaşmaması üçün təhlükəsizlik qüvvələri qabaqlayıcı tədbirlər görüb. Polis əməkdaşları ilə nümayişçilər arasında toqquşmalar qeydə alınıb.

 

Polis və prokurorluq hadisə yerində araşdırmalara başlayıb. Araşdırmaların aparılması üçün mitinq təxirə salınıb və meydan boşaldılıb. İlkin məlumata görə, partlayışa yaxınlıqdakı zibil qutusu və transformatora qoyulmuş əldəqayırma partlayıcı səbəb olub.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı yazılı bəyanatla çıxış edib. Bəyanatda əhali bazar günü keçiriləcək parlament seçkiləri ərəfəsində Türkiyədə sabitliyi pozmağa yönələn təxribatlara qarşı diqqətli olmağa çağırılır.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Qaziantepdəki mitinqdə hadisəyə münasibət bildirib. O, bəyan edib ki, hadisənin dəqiq səbəbi tezliklə üzə çıxacaq.

 

Türkiyə Daxili İşlər Nazirliyi bəyan edib ki, hadisənin üstünün açılması və təqsirkarların tutulması istiqamətində tədbirlər görülür. Nazirliyin mütəxəssisləri araşdırma aparılması üçün Diyarbakıra ezam edilib. 

Müəllif | Apa.Tv
Apa.tv