Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib

Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib.  APA TV-nin xəbərinə görə, forumda çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə  “Ümumdünya Səhiyyə Təşkilatının hər il dünyada 108 milyon doza qan toplandığı barədə məlumat verdiyini bildirib. "Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Qohum donorluğu, təmənnalı donorluq anlayışları ortadan qalxmalıdır" - deyə o, əlavə edib   Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Hematologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva qeyd edib ki, Azərbaycanın qan toplanması problem deyil. Amma qan ehtiyatı daima yenilənməlidir. Bu isə təmənnasız qan donorluğuna əsaslanır.

 

"Biz regionlarda da gənc donorların forumunu keçirmişik. Bu forumun keçirilməsində məqsəd insanların diqqətini donorluğa cəlb etməkdir.  Təbabətin elə bir sahəsi yoxdur ki, orada donor qanından istifadə edilməsin. Xəstələrə göstərilən yardımı donor qanı olmadan təsəvvür etmək mümkün deyil". 

 

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva isə qeyd edib ki, Azərbaycanda ilk dəfə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə qan köçürülüb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 8 fevral 2005-ci ildə “Talassemiyasız həyat naminə proqramı”nı elan edib. 3 may 2005-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən “Qanın, qan komponentlərinin və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanıb. Son 10 il ərzində ölkədə qan donorlarının sayı 3 dəfədən çox artıb.

 

"2014-cü ildə Azərbaycanda donorlardan toplanan qan 36 ton 193 litrə yüksəlib. Respublika üzrə 2010-cu ildə 46 min 530 nəfər donor olubsa, 2014-cü ildə bu rəqəm 72697 nəfərə yüksəlib. Mərkəzi qan bankının ehtiyatında kifayət qədər qan var. Əsas +1 və 2-ci qruplara ehtiyac var. Əsas donorlarımız da bu qrupdan olanlardır. Mənfi qan qruplarına da ehtiyac duyulur. Onlara da niyə görə ehtiyac duyulur. O donorlarımız  çox azdır".

 

Daha sonra forumda “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxları nümayiş olunub.  Qeyd edək ki, forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İran Qızıl Aypara Cəmiyyətidir.

 

Forumun sonunda il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən qurumlar eyni zamanda telekanallar mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında APA TV də var. 

Müəllif | Apa.Tv
Almaz Qasımova