Bakıda beynəlxalq təşkilatların ikili standarlarına həsr olunmuş tədbir keçirilib
Bu gün ""Bakı-2015" I Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standartları" mövzusunda dəyirmi masa keçirib.
APA TV-nin məlumatına görə, tədbirdə koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, bu möhtəşəm idman bayramı yaxınlaşdıqca Azərbaycana dost olmayan dairələrin narahatlığı artır.
Koalisiyanın koordinatoru, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, iyunun 10-da Avropa Parlamentində "Bak-2015" və insan haqları ilə bağlı dinləmələr keçiriləcək:
“Azərbaycanda beynəlxalq təşkilatların nümayəndəsi, əcnəbi hüquq müdafiəçiləri də təzyiqlərə məruz qalır. Belə hal nə zaman olub? Bu göstərir ki, Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını görən bu dairələr fəallaşıb”.
Koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Avropa ölkələrində illik korrupsiyanın həcminin 323 milyard dollar olduğunu və bunun hesabatlarda da əksini tapdığını qeyd edib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycana qarşı çıxan dairələrin ölkəmizin müstəqilliyini təhdid etdiklərini vurğulayıb:
“Dövlət başçısının da elan etdiyi kimi Azərbaycan heç vaxt öz müstəqil xəttindən geri çəkilməyəcək”.
Konstitusiya Araşdırmaları Mərkəzinin sədri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycana qarış bir mərkəzdən idarə olunan qüvvələr cəhdlərinin boşa çıxdığını görüb, azğınlaşırlar.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə kimin kim olduğunun ortaya çıxdığını vurğulayıb:
“Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ikili standartlar ortaya qoyurlar. BMT, ATƏT və Avropa Şurası vasitəsi ilə müəyyən ölkələr, dairələr Azərbaycana təzyiq göstərərək maraqlarını təmin etməyə çalışırlar. Özlərini demokratik adlandıran ölkələrdə jurnalistlərə daha çox təzyiqlər olur, ancaq demokratiya adı altında digər ölkələrə təzyiqlər göstərirlər. Demokratiya pərdəsi altında Yaxın Şərq ölkələrinin viran qoyulduğu, maraqları üçün insanların qətlə yetirildiyini görürük. Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün həmin beynəlxalq təşkilatlara bəyanatlar ünvanlamalıyıq”.
Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin I Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşmağına mane olmaq məqsədi daşıdığı olduğunu olduğunu qeyd edib:
“Ancaq görəndə ki, Azərbaycan I Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da olacaq".
Tədbir müzakirələrlə davam edib. Tədbirin sonunda vətəndaş cəmiyyəti institutları və KİV adından Azərbaycana təzyiqlərlə əlaqədar bəyanat qəbul edilib.
Qeyd edək ki, bəyanata qeyri-hökumət təşkilatları, ictimai birliklər, media qurumları - ümumilikdə 77 hüquqi şəxs imza atıb.