I Avropa Oyunlarının məşəli Bakıya gətirilib

I Avropa Oyunlarının məşəli Bakıya gətirilib. APA TV-nin məlumatına görə, məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Prezident İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Məşəl Neft Daşlarından Bakıya katerlə gətirilib.

Dövlət başçısı məşəllə addımlayarkən, Dənizkənarı Milli Parka toplaşanlar onu “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan prezidenti I Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Fatma Səttarovadan məşəli alan xanəndə Arif Babayev onu Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ötürüb. Daha sonra məşəli təhvil alan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onu məşəlçilər İsfar Sarabski, İqbal Hacızadə və Firəngiz Əlizadəyə ötürüb.  Məşəlçilər alovu Neftçilər prospekti boyunca daşıyıblar. Ardınca Azərbaycanın məşhur Qarabağ atlarının paradı keçirilib.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli aprelin 26-da “Atəşgah”da alovlandırılıb. Azərbaycanın 60 rayonunu dolaşdırılan məşəl iyunun 7-də Bakıya gətirilib. Məşəl iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilən Bakı Olimpiya Stadionuna gətiriləcək.

Müəllif | Apa.Tv