Portuqaliya və Xorvatiyadan velosipedlə Bakıya gələnlərin qarşılanma mərasimi olub

“I Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində səfərə çıxan Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan ərazisinə daxil olublar.

 

APA TV-nin məlumatına görə, layihə çərçivəsində Portuqaliyadan olan velosipedçi Jorge Kristovao iyunun 6-da Gürcüstan ərazisindən “Mazımçay” gömrük sərhəd-buraxılış məntəqəsini keçməklə Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonundan Azərbaycan ərazisinə daxil olub.

 

Bu münasibətlə “Mazımçay”  gömrük sərhəd-buraxılış  məntəqəsində qarşılanma mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, Portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb. O, I Avropa Oyunlarında iştirak edəcək Portuqaliya idmançılarından ibarət komandanın bayrağını Bakıya çatdırmaq üçün ümumilikdə 6000 km-dən artıq məsafə qət edəcək.


Xorvatiyanın "Pedalinac" klubunun 5 velosipedçisi isə iyunun 6-da Azərbaycan ərazisinə Qazax rayonunun “Qırmızı Körpü”  gömrük sərhəd-buraxılış məntəqəsindən daxil olublar. Onlar mənzil başına çatmaq üçün ümumilikdə 4000 km məsafə qət edəcəklər. Xorvatiyalı velosipedçilər iyunun 6-da axşam saatlarında Qax rayonunda  bir araya gəliblər. İyunun 7-dən etibarən velosipedçilər Qax-Şəki-Oğuz-Qəbələ-İsmayıllı-Şamaxı-Qobustan-Bakı marşrutu ilə hərəkət etməklə iyunun 10-u Bakı şəhərinə çatacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv