Britaniya XİN rəhbəri: “Ərazimizdə ABŞ-ın nüvə başlıqlı raketlərini yerləşdirməyə hazırıq”

Böyük Britaniya öz ərazisində yenidən nüvə başlıqlı ABŞ istehsalı olan raketləri yerləşdirə biləcəyini açıqlayıb.

 

APA TV-nin İngiltərənin "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, bunu krallığın xarici işlər naziri Filip Hammond bildirib.

 

Diplomat bildirib ki, Rusiyanın hərbi müdaxilələri bu addımı qaçılmaz edir. Moskvanın xüsusilə Kalininqrad vilayətində raket bazalarının sayını artırması ciddi təhlükədən xəbər verir. Londonun bu addımı Kremlə qarşı cavab kimi qəbul olunmalıdır. "Biz bu sual ətrafında ciddi götür-qoy etdik. Əgər bu hərbi əməkdaşlığa hesablansaydı, biz bu qərarı ABŞ-la bir yerdə verərdik. Amma bu bizim müstəqil qərarımızdır, biz Rusiyaya "qırmızı xətti" keçməyə imkan verə bilmərik" - deyə nazir bildirib.


Filipp Hammond qeyd edib ki, Britaniyanın bu addımından heç kəs həyəcanlanmamalıdır. Bu, hipotetik xarakter daşıyır.

 

Xatırladaq ki, Almaniyada keçirilən "G7"lərin sammitində Britaniya baş nazir Devid Kemeron Rusiyaya qarşı tətbiq olunan sanksiyaların vaxtının uzadılmasını təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv