Ağdamda tutulan erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bu gün Gəncə Apellyasiya Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin baxış iclası iyulun 15-nə təyin olunub.

 

Prosesdə çıxış edən Arsen Baqdasaryan Azərbaycan vətəndaşı olduğunu, əməlindən peşmançılıq keçirdiyini deyib: “Məhkəmədən xahiş edirəm ki, Azərbaycan vətəndaşı olduğuma görə humanistlik edib cəzamı azaltsın”. 

 

Qeyd edək ki, Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv