Məşəl Avropa Oyunlarının keçiriləcəyi idman arenalarına aparıldı

Aprelin 26-da Atəşgah məbədində alovlandırılan "Bakı-2015"in Məşəli paytaxt Bakını dolaşmaqda davam edir. Bu gün Alov Bakıda davam edən səyahətinin ikinci günündə Avropa Oyunlarının keçiriləcəyi 18 idman obyektindən 9-a səfər edib.

 

Alov bugünkü səyahətinə Veloparkdan başlayıb. Məşəli İntellektual Oyunların qalibi Balaş Qasımov daşıyıb. Sonra Alovu Azərbaycanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü Tatyana Nikitina Bakı Su İdmanı Mərkəzi boyunca aparıb.

 

Məşəli Basketbol Arenasında Azərbaycan idmançısı Elxan Əliyev daşıyıb. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucova verilib.

 

Güləş üzrə ikiqat olimpiya çempionu, dünya və Avropa çempionu Mariya Stadnik məşəli Heydər Əliyev adına arenaya gətirib. O, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük tarixi hadisə olduğunu bildirib: "Mənə təklif ediləndə ki, məşəli Bakıda daşıyanlardan biri də mən olum, bu mənim üçün gözlənilməz oldu. Eyni zamanda Birinci Avropa Oyunlarının iştirakçılarından biri olacağım üçün qürur duyuram".

 

Daha sonra məşəl Milli Gimnastika Arenasına yola salınıb.

 

Bakı 2015 Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Milli Gimnastika Arenası oldu. Bu dəfə məşəli bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu Marina Durunda gətirdi: "Mən çox xoşbəxtəm. Birinci Avropa Oyunlarının iştirakçısı olduğum üçün özümü şanslı hesab edirəm. Mənə böyük etimad göstərilib. Ölkəmi bu yarışlarda layiqincə təmsil etməyə çalışacağam".

 

Sonra məşəl Tofiq Bəhramov adına Respublika stadionuna yola salınıb. Burada alovu  Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə qarşılayıb. O, məşəli arenada gəzdirdikdən sonra Bakı Kristal Zalına göndərib.

 

Saat 22:00. Bakı 2015 Birinci Avropa Oyunlarının məşəlinin gəzintisinin ikinci günü başa çatıb. London Olimpiadasının bürünc mükafatçısı Məmmədrəsul Məcidov məşəli boks, voleybol, qılıncoynatma, taekvondo və karate yarışlarının keçiriləcəyi "Bakı Kristal Zalı"na gətirib: "Belə bir məsuliyyətli missiyanın iştirakçısı olmaq mənim üçün çox sevindiricidir. Ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarında mən də bütün gücümlə vuruşacağam ki, bayrağımız ən yüksəkdə olsun".

 

Bu gün məşəl Alov Qüllələrinin qarşısından Qoşa Qala qapılarına gətiriləcək.

 

Qeyd edək ki, APA TV-nin çəkiliş qrupu məşəlin Bakıda gəzintisini izləməkdə davam edir.

 

 

Müəllif | Apa.Tv