Azərbaycan prezidenti “Baku Cristall Holl”da yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezıdenti Leyla Əliyeva iyunun 8-də Birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olublar.

 

APA TV-nin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib.

 

“Baku Crystal Hall”da Birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.

 

Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar.

 

“Baku Crystal Hall”un boks meydançasında yaradılan şərait də Birinci Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. Birinci Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

 

Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. “Baku Crystal Hall”da “Eurovision” mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. “Baku Crystal Hall” ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub. İkimərtəbəli və 4500 kvadratmetr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, federasiyaların nümayəndə heyətlərinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti otaqlar da funksional keçiddə yerləşir.

 

Birinci Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılan zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var. “Eurovision” mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədir. Zalın mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə uyğun şəkildə yenidən qurulmasıdır. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq.

 

“Baku Crystal Hall”un ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 500 kvadrat metr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv