Ərdoğan bu gün Davudoğlu ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü keçirilən parlament seçkilərinə ilk dəfə münasibət bildirib.
APA TV-nin xəbərinə görə, prezidentin bu gün baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.
Hakim Ədalət və İnkişaf Partiyasının təkbaşına hakimiyyətinə son qoyan son qoyan seçkinin nəticələrinə münasibət bildirən Rəcəb Tayyib Ərdoğan yazılı açıqlamasında siyasi partiyalara müraciət edib. Seçicilərin iradəsinin hər şeydən yüksəkdə olduğunu bildirən prezident bəyan edib ki, siyasi qüvvələr heç bir partiyaya təkbaşına hakimiyyət imkanı verməyən nəticələrin yaratdığı mənzərəni sağlam və düzgün dəyərləndirməlidirlər.
Ərdoğan hesab edir ki, seçkidən sonra yaranan yeni prosesdə Türkiyədəki sabitlik və qazanılmış demokratik dəyərlərin qorunması partiyalardan məsuliyyətli davranış tələb edir.
Bu gün Türkiyə prezidentinin baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi və seçkidən sonra yaranmış vəziyyəti müzakirə edəcəyi planlaşdırılır.
Bu arada ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu koalision hökumət qurulması ehtimalından danışarkən parlamentə düşən üç müxalifət partiyasının məsuliyyətlə davranmalı olduğunu deyib. Onun sözlərinə görə, Türkiyəni hökumətsiz qoymaq olmaz. Kamal Kılıçdaroğlunun fikrincə, hazırkı vəziyyətdə növbədənkənar seçkiyə getmək yanlış addım olar. CHP lideri bildirib ki, seçkinin nəticələri rəsmən təsdiqləndikdən və yeni millət vəkilləri mandatlarını aldıqdan sonra partiyanın məclisi çağırılacaq. Məclis seçkinin nəticələrini müzakirə edəcək. Toplantıda koalision hökumət danışıqlarının aparılması üçün partiya liderinə səlahiyyət veriləcəyi ehtimal olunur.