Bakıda Nizami Gəncəvi sərgisi
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə “Ali Səviyyədə Görüş” çərçivəsində Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib. Sərgidə Nizaminin “Xəmsə”sini əks etdirən rəsmlər nümayiş olunub. APA TV-nin məlumatına görə, “Ali Səviyyədə Görüş”də İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks kimi təşkilatların rəhbərləri iştirak edəcək. Sərgidə forum iştirakçıları, müxtəlif ölkələrin səfirləri və digər qonaqlar iştirak ediblər. Çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün keçiriləcək forumun mahiyyətindən və Nizami Gəncəvi irsinin öyrənilməsindən danışıb, habelə bu kimi tədbirlərin keçirilməsi üçün dövlət başçısı tərəfindən yaradılan şəraiti xüsusi vurğulayıb. Digər iştirakçılar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti) və İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının Direktoru) isə Nizami Gəncəvi irsindən və forumun əhəmiyyətindən danışıblar.