Rusiyada azərbaycanlı narkotacirlərə ağır cəza - 20 İL HƏBS
Rusiyanın Perm vilayətinin Çusovsk şəhər məhkəməsi aralarında 3 azərbaycanlının da olduğu narkobanda üzvləri barəsində ağır hökm çıxarıb.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, dəstə üzvlərindən yarım ton narkotik maddə götürülüb.
Cinayətkar dəstənin üzvləri ötən il polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanıblar. Onlar narkotik maddəni Perm vilayətinin ayrı-ayrı şəhərlərində satıblar. Dəstə üzvləri külli miqdarda narkotiki Çusovskda kirayələdikləri evdə saxlayıblar. Polis evin damından çəkisi 470 kiloqram olan 22 kisə marixuana, 62 kiloqram həşiş aşkarlayıb. Məhkəmə sübut edib ki, narkotiki Əliyev, Mehrəliyev və Şirinov familiyalı azərbaycanlılar gətirib. Onların hər biri barəsində 20 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.