Təhsil Nazirliyi Bakı hotelləri üçün kadr ehtiyatı yaradır
Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində hotelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə təhsil naziri Mikayıl Cabbarov açıb.
Naziri çıxışında bildirib ki, peşə təhsilinin inkişafı prioritet sahələrdən biridir: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin inkişafı, bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunması nəzərdə tutulub. Bu məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən ardıcıl iş aparılır”.
Mikayıl Cabbarov qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın turizm zonası kimi nüfuzunun artmasına səbəb olacaq.
“Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler isə çıxışında bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçirilməsi nəzərdə tutulub.
İlkin mərhələdə təlimlərdə 220 nəfər iştirak edib. Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunları ərəfəsində Bakıda istifadəyə verilmiş yeni beşulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş mehmanxanalarda, həm də “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.