Pedaqoji Universitet Bakıdan köçürülür

"Yaxın gələcəkdə paytaxtda yerləşən ali təhsil müəssisələri paytaxtdan kənara köçürüləcək. İlk olaraq Pedaqoji Universitetin köçürülməsi nəzərdə tutulur".

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 

Nazir bildirib ki, ölkə prezidentinin tapşırığına əsasən artıq Xocasən qəsəbəsi ərazisində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçün Təhsil Nazirliyi tərəfindən hazırlıq işləri aparılıb: “Artıq ərazinin master planı hazırdır. Bu plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də bu universitetdə gələcəyin müəllimləri yetişir. Ona görə məhz bu universitetdən başladıq”.

 

Mikayıl Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakıdakı 20 saylı məktəbin ərazisində park salınması ilə bağlı təklif verməsi haqda məlumatlara da münasibət bildirib. Nazir deyib ki, 20 saylı məktəbin eskizi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təsdiqlənib. İşlər qrafikə uyğun aparılsa, məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır: “Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.

 

Nazir onu da əlavə edib ki, 20 saylı məktəbin eskizi məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib.

 

Təhsil naziri qeyd edib ki, 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib. Respublikada ən böyük məktəblərdən biri olan təhsil ocağında 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur.

 

Təhsil naziri Mikayıl Cabbarov hazırda müstəqil fəaliyyət göstərən kolleclərin müvafiq universitetlərin tərkibinə təhvil veriləcəyini də bildirib. İlk olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi nəzərdə tutulur. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə veriləcək.

 

Təhsil nazirinin sözlərinə görə, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək. Ancaq bu proses bütün kolleclərə şamil edilməyəcək. Bu, yalnız bir neçə kollecə aiddir.

 

Müəllif | Apa.Tv