Hindistan BRİKS ölkələrinin parlamentinin yaradılmasına etiraz edir
Moskvada BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin parlament rəhbərlərinin ilk forumu keçirilib.
APA TV-nin RBK-ya istinadən verdiyi məlumata görə, görüş bu ilin iyulunda Rusiyanın Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısına hazırlıq məqsədi daşıyır.
Forumun gedişində rusiyalı parlamentarlar BRİKS ölkələrinin hazırkı əməkdaşlığını yüksək qiymətləndiriblər və təkliflə çıxış ediblər. "Avropa İttifaqı vahid parlamentini yaradıb. Avrasiya İttifaqı da bu məsələ barədə düşünür. Bizim əməkdaşlığımız elə səviyyəyə çatıb ki, biz parlamentlərarası əlaqələri daha da inkişaf etdirməyi prioritet məsələ kimi qarşıya qoymalıyıq" - deyə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədri Leonid Slutski bildirib.
Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə Dumanın hər iki palatasının rəhbərləri - Valentina Matvienko və Sergey Narışkin də dəstəkləyib. Narışkin parlamentlərarası əməkdaşlığın iqtisadi və siyasi əlaqələrin inkişafı da müsbət təsir edəcəyini deyib.
"BRİKS vahid parlament sistemi olmadan tamformatlı birlik sayıla bilməz". Bu fikirləri isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Təklifi forumda iştirak edən Braziliya rəsmisi dəstəkləyib. Cənubi Afrika Respublikasının nümayəndəsi də məsələyə münasibətlərinin müsbət olduğunu bildirib. Çin tərəfi bu əməkdaşlıqda bəzi detalların müzakirəsində ehtiyatlı olmağı düşündüklərini dilə gətirib. Hindistan isə gözlənilmədən təklifə etiraz edib. "Assambleya ideyasına münasibətdə bizim hamımızın ayrı-ayrılıqda şübhələrimiz var idi. Düşünürük ki, təşkilatda hər şey öz qaydasında gedir, əlavə formalizmə ehtiyac yoxdur" - deyə Hindistan parlamentinin rəsmisi Şaşi Txarur qeyd edib. Rusiya tərəfi isə təklifin qəbul edilməsində israrlıdır. Danışıqlar davam edir.