Məşəl Alov Qüllələrindən endirildi
Ölkənin 60 regionunun dolaşan "Bakı-2015"in məşəli paytaxtdakı səyahətinin üçüncü gününə Alov Qüllələrindən başlayıb.
Artıq üçüncü gündür məşəl Bakıdadır. Bu gün məşəlin ilk daşıyıcısı azərbaycanlı alpinist Renat Rəhimxanov olub. O, Alov Qüllələrindən məşəli kəndir vasitəsi ilə aşağı endirib.
Renat Rəhimxanov: "Çox qürur duyuram ki, bu məşəli Alov Qüllələrindən mən düşürdüm. Ölkəmizi təmsil edəcək bütün idmançılara uğur arzu edirəm. Çox həyəcanlıyam".
Məşəl əraziyə toplaşan şəhər sakinləri tərəfindən də böyük coşğu ilə qarşılanıb.
Daha sonra məşəl Şirvanşahlar Sarayına aparılıb. Burada məşəli Renat Rəhimxanov yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova ötürüb. Fərid Mansurovdan məşəli xalq artisti Faiq Ağayev qəbul edib. Daha sonra isə məşəl Qoşa Qala qapısına aparılıb. Burada Faiq Ağayev məşəli Olimpiya çempionu Elnur Məmmədliyə ötürüb.
Elnur Məmmədli İçərişəhərdə məşəli Olimpiya çempionu veteran atlet Abbas Əzimova, o isə aktyor Bəhram Bağırzadəyə ötürəcək. Xalq artistləri Yalçın Adıgözəlov, Ənvər Sadıqov, Rasim Balayev, SSRİ xalq rəssamı Tahir Salahov, əməkdar artist Tünzalə Ağayeva, müğənni Ədalət Şükürov və digər tanınmışlar məşəli növbəli şəkildə şəhərdə gəzdirəcəklər. Məşəl İçərişəhər boyunca nümayiş etdiriləcək.
Qeyd edək ki, APA TV-nin çəkiliş qrupu paytaxtda məşəl estafetini izləməkdə davam edir.