Rusiya İran-Ermənistan dəmiryolu xətti layihəsindən imtina etdi
"İran-Ermənistan dəmiryolu xətti layihəsi heç bir effekti olmayan layihədir". APA TV-nin xəbərinə görə, bunu "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Vladimir Yakunin deyib.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Yakunin sözlərinə obrazlı şəkildə davam edərək bildirib ki, heç bir perspektivi olmayan bu layihə "qonşunun divarına dirənəcək".
Xatırladaq ki, 2012-ci ildə V.Yakunin Ermənistan-İran dəmiryolu xəttinin çəkilməsinin əsaslı səbəbləri olduğunu vurğulamışdı. O vaxt Avropa ekspertləri bu layihənin 4 milyard dollara başa gələcəyini hesablamışdılar. Ermənistan ekspertləri isə ölkənin payına düşən məbləğin 1,8 milyard dollar olduğunu bildirmişdilər. Ermənistanın maliyyə problemlərini nəzərə alan iqtisadçılar bu layihənin hətta ən böyük arzu olsa belə, reallaşmayacağını açıqlamış və ümumiyyətlə, Ermənistan-iran dəmiryolu xəttinin tikilməsində məqsədin nə olduğunu anlamadıqlarını bildirmişdilər.