Yunan-Roma güləşi üzrə milli komanda Avropa çempionatına Xaçmazda hazırlaşır
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası iyunun 23-28-də İstanbulda keçiriləcək Avropa çempionatına hazırlaşır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, komanda hazırlıqlarını Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.
Təlim-məşq toplanışında baş məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir.
Təlimlərə ümumilikdə 21 güləşçi dəvət olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir.
Güləş komandamızın Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı iyunun 15-dək davam edəcək. Bundan sonra Bakıda daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.