Toya gedən gənclər qəza törətdilər: 5 yaralı
Qaxda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.
Yol qəzası Qax-Şəki magistral yolunun 3-cü kilometrliyində baş verib. APA TV-nin məlumatına görə, Qax rayonu Qıpçaq kənd sakini 1993-cü il təvəllüdlü Nəbili Orxan İlqar oğlu idarə etdiyi “VAZ 21 099” markalı, 10 BL 049 nişan dövlət nömrəli avtomobillə Qıpçaq kəndindən çıxaraq Qax şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Şəki şəhəri istiqamətində hərəkətdə olan Şəki rayon sakini, 1963-cü il təvəllüdlü Nəbiyev Cəfər Əsəbəli oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 10 TO 355 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ 21 099" markalı avtomobilin sürücüsü Orxan Nəbili, onun avtomobilində olan digər sərnişinlər Qax rayonu Qıpçaq kənd sakinləri 1992-ci il təvəllüdlü Nəbili Nəbi Cuma oğlu, 1993-cü il təvəllüdlü Cumayev Hidayət Sahib oğlu, 1992-ci il təvəllüdlü İbrahimli Əfqan Nəsrullah oğlu və “Mitsibushi Pajero” markalı avtomobilin sürücüsü Cəfər Nəbiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Şəki rayon sakini Cəfər Nəbiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Digər xəsarət alanlar Nəbi Nəbili, Orxan Nəbili, Hidayət Cumayev və Əfqan İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Qax rayonu Qıpçaq kənd sakinləri Qax şəhərində fəaliyyət göstərən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedirlərmiş.