Baku-2015: Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya və Böyük Britaniya idmançıları Bakıda...
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya və Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər.
APA TV-nin məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər Kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistləri və nümayəndə heyətləri də olub.
Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.