Şabranda film kimi qəza: maşın əvvəlcə nəvəni, bir gün sonra nənəni vurub
Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, 90 TE 363 dövlət nömrə nişanlı “Lifan” markalı avtomaşın iyunun 8-də Şabran rayon sakini, 2005-ci il təvəllüdlü Cavadova Yeganə Rəhman qızını vurub.
Sürücü dünən xəsarət alan azyaşlını yenidən tibbi müayinə üçün xəstəxanaya gətirib. Bu zaman maşını arxaya sürərkən azyaşlının nənəsi, 1960-cı il təvəllüdlü Murtuzayeva Gülçöhrə Ağagül qızını vurub. Xəsarət alan nənə və nəvə xəstəxanaya yerləşdirilib. Y.Cavadovanın vəziyyətinin qənaətbəxş, onun nənəsi G.Murtuzayevanın isə orta ağır olduğu bildirilir.
Hadisədən sonra “Lifan”ın sürücüsü də şok keçirib. Tibb işçiləri tərəfindən ona da ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.