Məşəl 87 yaşlı xalq rəssamının əlində

"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti bu gün də davam edib. Məşəl  paytaxt gəzintisinin dördüncü günündə Müasir İncəsənət Muzeyinə gətirilib.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Heydər Əliyev Mərkəzinin binası qarşısında məşəli heykəltəraş, xalq rəssamı Ömər Eldarova təhvil verib.

 

Ömər Eldarov: "Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcümeyi-halım üçün çox əhəmiyyətlidir. Narahat idim ki, birdən nəfəs almağım çətinləşər, yaxud xəstələnərəm. Amma hər şey gözəl oldu. Mən məşəli öz yolum üzrə apardım. Mən bunu yerinə yetirdim və bununla fəxr edirəm".

 

Daha sonra məşəl Fəvvarələr meydanı, Qış Parkı, Bakı Metropoliteni, Şəhidlər Xiyabanı, "Yarat!" Müasir İncəsənət Mərkəzində gəzdirilib. Ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, aktyor Tahir İmanov, xalq artisti Ağaxan Abdullayev, xalq yazıçısı Çingiz Abdullayev, bəstəkar Faiq Sücəddinov, şahmatçı Şəhriyar Məmmədyarov, xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlov, müğənni Röya, rəssam Aida Mahmudova və digər tanınmışlar məşəli şəhər boyu gəzdiriblər.

 

Məşəlin gəzintisi axşam saatlarına qədər davam edəcək.

 

Qeyd edək ki, APA TV-nin çəkiliş qrupu məşəlin Bakı gəzintisini izləməkdə davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv