Erməni snayperi mülki vətəndaşımız hədəf aldı
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutması nəticəsində bir sakin yaralanıb. APA TV-nin məlumatına görə, 28 yaşlı Adil Musayev çiyin nahiyəsini dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində Adil Musayevin həyatını xilas etmək mümkün olub. Hazırda onun səhhətinin normal olduğu bildirilir. Adil Musayev Əlibəyli kəndində küçə ilə hərəkətdə olarkən düşmən gülləsinə tuş gəlib. Ümumiyyətlə, ötən gecə Ermənistan silahlı bölmələri cəbhə boyu atəşkəsi pozub. Düşmən ordusu Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.