10 yaşlı Alsu “Quş yuxusu” kitabını təqdim etdi
Yazıçılar Birliyində bəlkə ilk dəfə idi ki, belə bir təqdimat keçirilirdi. Hər zaman tanınmış və ya gənc yazarların kitablarının təqdim olunduğu bu məkanın qapıları bu dəfə 10 yaşlı Alsu üçün açılmışdı. Balaca yazar ilk nəşrini oxucuların ixtiyarına verirdi.
Kitab “Təhsil” nəşriyyatında çap olunub. “Quş yuxusu” adlı topluda Alsunun bir neçə ildə yazdığı hekayələr, esselər və gülməcələr toplanıb. Yeni nəşr Alsunun atası, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin qızına hədiyyəsidir: “Ara-sıra cızma-qara edirdi. Amma biz bunun gündəlik olduğunu düşünürdük. Biz ona hər il ad günündə istədiyi hədiyyəni edirik. Bu il o dedi ki, kitab çıxarmaq istəyir. Yazılarını göstərdi. Nəşriyyata təqdim etdik. Bu gün hədiyyə etmək istəyirik”.
Kitabın adı haqqında müəllif özü məlumat verib: “Məni bir sual çox maraqlandırırdı ki, görəsən, quşlar yuxu görür? Sonra öyrəndim ki, quşlar da digər canlılar kimi yuxu görə bilirlər”.
"Gələcəkdə yazıçı olmaq istəyərsənmi?" sualına Alsunun cavabı kifayət qədər maraqlı olub: “Bilmirəm, gələcəkdə yazıçı olacağam, ya yox. Amma söz verirəm ki, yaxşı oxucu olacam”.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Rəşad Məcid on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb. R.Məcid qeyd edib ki, on yaşında kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir: “Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə mənim yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki, gələcəkdə onun kitab və ədəbiyyat sevgisi bu cür tükənməz olacaq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov isə müəllifin hekayələrindəki səmimiyyəti üslub kimi dəyərləndirib: “Bu kitab Alsunun ürək çırpıntılarıdır. On yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir və biz bu cəsarəti alqışlayırıq. Buna ancaq sevinmək lazımdır. İnanıram ki, Alsu gələcəkdə gözəl hekayələri ilə bizi yenə sevindirəcək”.
Xalq şairi Fikrət Qoca Alsunu Azərbaycan ədəbiyyatında görmək istədiyini dilə gətirib.
Təqdimat mərasimində "APA Holding"in prezidenti Vüsalə Mahirqızı da çıxış edib: “Məncə, sən çox yaxşı jurnalist ola bilərsən. APA TV-də “Kimsən sən” verilişində atana yaxşı suallar vermişdin. İndiyə qədər heç bir jurnalistin vermədiyi sualları vermişdin. Sənə uğur arzulayıram - bu işində, yaradıcılığında, həvəsində. Hər şeydən əvvəl təhsilindir. Ümid edirəm ki, təhsilini yüksək səviyyədə başa vuracaqsan, Azərbaycanın həm ictimai həyatında, həm mədəni həyatında, həm də ədəbiyyatında olacaqsan”.
Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, şair Oqtay Rza və başqaları çıxış edərək, 10 yaşlı Alsuya uğurlar arzulayıblar.
Müəllif özü də çıxış edərək təqdimat mərasiminə gələnlərə təşəkkürünü bildirib.