ABŞ-da insan haqlarının vəziyyəti mövzusunda dinləmələr keçirilib
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası və “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyası “ABŞ-da insan haqlarının vəziyyəti: Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirib.
APA TV-nin məlumatına görə, koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı “qara piar” kampaniyası güclənir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdi: anti-Azərbaycan kampaniyası” mövzusunda məruzə ilə çıxış edib: “Hər il bəzi aparıcı güclər, onların himayəsində olan beynəlxalq təşkilatlar dünyanın müxtəlif bölgələrində münaqişələrin ictimai diplomatiya yolu ilə tənzimlənməsi üçün milyardlar xərcləyirlər. Bəs nə üçün bu güclər ayrı-ayrı dövlətlərin öz resursları hesabına öz ərazilərində keçirdiyi və sülh, əmin-amanlıq, humanizm prinsiplərinə, ictimai diplomatiyaya xidmət edən Birinci Avropa Oyunları kimi tədbirlərə qarşı çıxırlar? Sadəcə, imperializm öz mahiyyətini dəyişmədiyi üçün “parçala və hökm sür” prinsipi də dəyişməyib. Belə tədbirlər böyük güclərin təsirindən kənarda keçiriləndə onların imperialist maraqlarına xidmət etmir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik cəhdlərinin güclənməsi” mövzusunda çıxış edib. O qeyd edib ki, ABŞ heç vaxt multikulturalizmi dəstəkləməyib, müxtəlif xalqların mədəniyyətlərini assimilyasiya etməklə pan-Amerika mədəniyyəti formalaşdırmağa çalışıb.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət ABŞ-da polislərin öldürdükləri gənclərin əksəriyyətinin qaradərili olduğunu və qaradərililərin öldürülməsinin ağdərililərlə müqayisədə 21 dəfə çox olduğunu açıqlayıb: “ABŞ-da 10 dəqiqə ərzində ölümə məhkum edilmiş 14 yaşlı gəncin 70 il sonra günahsız olduğu üzə çıxdı. Keçən il avqustun 9-da ağdərili polis qaradərili gənci öldürmüşdü. Cəmi 8 gündə polis 52 jurnalistə qarşı zorakılığa yol verib, 21 jurnalist həbs olunub, 8 dəfə polis jurnalisti silahla hədələyib. Ancaq beynəlxalq təşkilatlar bu faktın birini də qeydə almayıb. Ancaq Azərbaycanda polis bir jurnalisti 1-2 saat dindirməyə çağıranda həmin gün axşam ABŞ Dövlət Departamenti bəyanat verir".
“Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyib ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı qüvvələr daha da fəallaşırlar: "Avropa Oyunlarının açılışı ilə ölkəmiz bədxahlara göstərəcək ki, Azərbaycan nəyə qadirdir. Xalq dövlətin yanındadır".
“ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar və onların fəsadları” mövzusunda çıxış edən “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov qeyd edib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaş olsa da, adekvat addımlar atmır. ABŞ başqa dövlətlərin işinə qarışdığı kimi, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərə qarışmağa çalışır.
Koalisiyanın koordinatoru, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, irqi ayrı-seçkiliklə bağlı baş verən qətllər, korrupsiya halları başqa dövlətləri tənqid edən ABŞ-da baş verir.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur.
Tədbir müzakirələrlə davam edib.