Ermənilər təmas xəttində azərbaycanlı qəbiristanlığına od vurdular - REAL VİDEO

Artıq on gündən çoxdur ki, cəbhənin müxtəlif istiqamətlərində ermənilər tərəfindən törədilən yanğınlar səngimək bilmir. İşğal altındakı Azərbaycan torpaqları hər gün yandırılır. Bitki örtüyü və heyvanlar aləmi ekoloji terrorun qurbanına çevrilir.

 

Ötən gecə isə Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndinə ermənilərin od vurması nəticəsində təmas xəttini keçən alov cəbhədə yerləşən qəbiristanlığı da bürüyüb.

 

Yerli sakinlər deyirlər ki, əgər gecə yanğına nəzarət etməsəydilər, hazırda yaşayış məntəqəsində vəziyyət çox acınacaqlı ola, alov cəbhəyanı kəndləri, arpa və buğda zəmilərini bürüyə bilərdi.

 

Yerli camaatla yanaşı, aidiyyəti dövlət qurumlarının əməkdaşları da təmas xətti boyunca növbətçi iş rejimində çalışıblar.

 

Əkin biçinlə məşğul olan sakinlər deyirlər ki, torpağa əkilən məhsulun əvvəllər olduğu kimi kəmiyyəti və keyfiyyəti olmur.

 

Əsas problemlərdən biri də odur ki, yanğınlardan xilas ola bilməyən çoxlu sayda heyvan növlərinin sayı sürətlə azalır. Bəzi yırtıcı və zərərvericilər isə yaşayış olan kəndlərə axışır.

 

Yanğınların başqa bir fəsadı isə çöl heyvanlarının ev heyvanları ilə təması zamanı qorxulu yoluxucu xəstəliklərin geniş yayılması ilə bağlıdır.

 

Müəllif | Apa.Tv