Bakının mərkəzində yanğın olub - VİDEO
Ötən gecə Bakının mərkəzində ikimərtəbəli binada yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Birinci mərtəbəsində "Kükü" restoranı, ikinci mərtəbəsində "Bristol" hotelinin yerləşdiyi binada qəfildən yanğın başlayıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları, təcili tibbi yardım dəstələri və polis qüvvələri cəlb edilib.
İlkin məlumata görə, yanğın restorandan başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, ümumi sahəsi 2150 kv.m olan restoranın vestibülünün tavanı 72 kv.m sahədə yanıb. Yanğın zamanı binanın ikinci mərtəbəsində yerləşən "Bristol" hotelinə məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb. Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Restoranın qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub.