Bu il ABŞ-da polislər 500 nəfəri öldürüblər - STATİSTİKA

2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən 500 nəfər öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə Britaniyanın "Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, ilin sonunadək polis vəhşiliyi qurbanlarının sayı 1000 nəfəri ötə bilər.

 

Qəzet yazır ki, öldürülən 500 nəfərin 49,6 faizi ağ dərili, 28,2 faizi afroamerikalı olub. Öldürülənlərin 14,8 faizi isə Latın Amerika əsillidir. Qətlə yetirilənlərin əksəriyyəti - 95,2 faizi kişilərdir. Polis tərəfindən öldürülənlərin cəmi 21 faizi silahlı olub.

 

Mayın sonlarında "Washington Post" qəzeti məlumat yaymışdı ki, Amerika polisi ilin ilk beş ayı ərzində 385 nəfəri güllələyib. Bu hesabatda yalnız atəş açılması ilə öldürülənlər nəzərə alınıb. Polis bölmələrindəki ölüm halları, o cümlədən, küt alətlə qətlə yetirilənlər sayılmayıb.

 

385 nəfərin güllələnməsi hadisələrinin yalnız 3-ü ilə bağlı polis əməkdaşlarına ittiham elan edilib. Bu isə ümumi faktların 1 faizindən də azı deməkdir.

 

"Global Research" mərkəzi hesab edir ki, ABŞ-da polis tərəfindən öldürülmək təhlükəsi terror aktı nəticəsində həlak olmaq təhlükəsindən 55 dəfə artıqdır. 

Müəllif | Apa.Tv
Apa.tv